““Altılıq əməkdaşlıq platforması” (3+3) ideyasının təşəbbüskarı Azərbaycan və Türkiyə prezidentləridir. Bildiyiniz kimi, Rusiya bu təşəbbüsü dəstəkləyib”.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

“Hesab edirik ki, çoxtərəfli regional əməkdaşlıq bu formatın bütün iştirakçılarının maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə inamın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun nəqliyyat və iqtisadi potensialının üzə çıxmasına kömək edərdi. Biz bir sıra Qərb dövlətlərinin, ilk növbədə də ABŞ-ın bir sıra proseslərə maneə olmaq cəhdlərini görürük. Bu cəhdlərdə amerikalı tərəfdaşlarımız dezinformasiyalardan istifadə edir. Məsələn, “altılıq əməkdaşlıq formatı” təşəbbüsünün müəllifinin Moskva olduğunu yazırlar. Bunu hansısa rusofob atmosferdə edirlər. Faktlar isə başqa şey deyir. Bəli, biz bu mexanizmi, bu formatı dəstəklədik. Lakin təşəbbüslər başqa ölkədən gəlib”, - Rusiya XİN rəsmisi vurğulayıb.