Gəncə şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında yerləşən abidəsi ziyarət olunub.

Unikal.org xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, millət vəkilləri, Aparatın məsul əməkdaşları, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan tədbirlər onlayn qaydada təşkil olunub.

Gəncə Dövlət Universitetində təşkil olunan elmi-praktik konfransda universitetin rektoru, professor Yusif Yusibov çıxış edərək, bu tarixi günün əhəmiyyətindən danışıb. O qeyd edib ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu var. Bəşəriyyətin yetişdirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə tarix yaratmağa qadir olurlar. Məhz bu gün qeyd etdiyimiz Müstəqillin Bərpası Günündə o dahi şəxsiyyəti - Heydər Əliyevi yada salmamaq mümkün deyil. Bütün sahələrdə qazandığımız uğurlara görə Azərbaycan xalqı ona borcludur.

Daha sonra “Heydər Əliyev irsi: müasir dövlətçilik və müasirlik”, “Əbədi və dönməz müstəqilliyimiz-tarixi nailiyyətimizdir”, “Müstəqilliyimizin bərpasından ötən 30 il” və “Milli müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzularında məruzələr dinlənilib.

Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə universitetin rektoru, professor Akif Süleymanov çıxış edərək, bildirib ki, bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il keçir. Bu tarixi qalib ölkə, bütöv Azərbaycan olaraq qeyd etməyimiz bizi olduqca qürurlandırır. Tədbirdə çıxış edənlər bu günün tarixindən danışaraq qeyd ediblər ki, otuz il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayıb. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edilib. Bu il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx izlənilib.