“Hazırkı vəziyyətdə qazın və işığın qiymətinin qalxmasına ehtiyac yox idi”.

Bu sözləri Unikal.org-a açıqlamasında Ağ Partiyanın sədri, gənc siyasətçi Tural Abbaslı deyib. O bildirib ki, bəzi dövlətlər daha çox gəlir əldə etmək üçün bu metoda əl atırlar: “Amma Azərbaycanda əhalinin əksəriyyəti zatən yoxsulluq həddində yaşayır. Elektrik enerjisinin, qazın, suyun, benzinin, dizelin qiymətini qaldırmaqla əlavə pul toplamaq həm siyasi, həm də sosial-iqtisadi baxımdan uğursuz qərardır və narazılığı artırır. Hakimiyyətin belə bir yanaşması var ki, narazılıq bir müddət olacaq, sonra sakitləşəcək. Amma bu narazılıqlar yığılıb sonunda sosial partlayışa səbəb ola bilər”. 

Regionlarda gəlirin xeyli aşağı olduğunu deyən T.Abbaslı bildirib ki, orada qaz və işıqdan çox istifadə olunur: “İkinci Qarabağ müharibəsinin, milli birlik və həmrəylik cücərtilərinin olduğu bir zamanda qiymətlərin qalxması buna bir zərbədir. Düşünmürəm ki, burdan milyonlarla pul yığılsın ki, nəyəsə xeyri olsun. Qiymətlərin qalxması əhalinin daha da yoxsullaşmasına və aqressivləşməsinə gətirib çıxaracaq”.

Könül Oruc