"Bədbəxtçilik ondandır ki, valideynlər övladlarının 5 yaşdan 17 yaşadək hər ay hazırlıqlarına minimum 150 manatdan, maksimum 600 manatadək vəsait xərcləyirlər. Halbuki təhsil müəssisələrində dərslər normal qaydada tədris olsa, buna ehtiyac qalmaz.
Belə çıxır ki, təhsil müəssisələrində keçirilən dərslər bir işə yaramır ki, valideynlər əlavə hazırlıqlara ehtiyac duyur". 

Unikal.org xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndi özünün "Facebook" səhifəsində yazıb. 

Ekspert, həmçinin Azərbaycanda təhsilin inkişafı üçün təklif də irəli sürüb:

"Elə isə təhsil müəssisələrini konstitusiyaya zidd olaraq ödənişli əsaslarla edin, illik hər bir şagirdə 2000 manat təhsil haqqı təyin olunsun. Sonra da o pulla müəllimlərə ən azı aylıq 1500-2000 manat əməkhaqqı verilsin ki, Azərbaycanda təhsil inkişaf etsin.

Ölkəyə istər Finlandiya, istər Sinqapur, istərsə də İsrail modeli təhsil sistemi gətirin, əgər müəllimə az əmək haqqı veriləcəksə, əgər təhsil müəssisələrində rüşvət tüğyan edəcəksə, o zaman nəticə 0 olacaq".

Ağarza Elçinoğlu