Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 29-31-ci km aralığında, yəni Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə əsaslı təmir işləri aparıldığından oktyabrın 16-sı saat 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Unikal.org-un xəbərinə görə, nəqliyyat vasitələri avtomobil yolunun 28-ci km-dən, yəni “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Sumqayıt şəhərinə, eləcə də şimal istiqamətində - Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər.

DYP-dən bildirilib ki, Sumqayıt şəhərinə alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq tövsiyə edilir.

Sumqayıt şəhər sakinləri isə paytaxt istiqamətinə Novxanı və Saray qəsəbələrindən keçən, o cümlədən “çöl yolu” kimi tanınan avtomobil yolları vasitəsilə magistral yola çıxmaqla hərəkət edə bilərlər.

Təmir işləri müddətində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən müvafiq şərait yaradılacaq.