Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org -a verilən məlumata görə, turnirdə ümumilikdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvondo növləri ilə məşğul olan idmançı valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçüb. Mirzə orada “Tiger kickboxing” klubuna daxil olaraq, muay tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə yarışlarda iştirak edən idmançı 2019-cu ildə kecirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb.