Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il iyulun 1-də verilən qərarına əsasən, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin keçirilməsinə icazə verildi. Bu tarixdən toylar kütləvi şəkildə qeyd edilməyə başladı. Bundan sonra iki aya yaxın davam edən məhərrəmlik ayı da sona yetir. Artıq şadlıq sarayları və toy evlərində bir canlanma var. Bəs görəsən, hazırda restoranlarda vəziyyət necədir? Qiymətlərdə artım varmı? 

 Bu barədə Unikal.org-a restoran sahibi, ekspert Mahir Zeynalov müsahibə verib. 

- Restoranlara müraciətlər necədir, sıxlıq nümayiş olunurmu?

- Əslində yay aylarında insanlar payızda və qışda yenidən karantin ola biləcəyini düşünüb, sıx şəkildə toylar etdilər. Ona görə, əsas sıxlıq iyul-avqust aylarında müşahidə olundu. Hazırda toyların sayı çox azdır. Bir ay ərzində cəmi 5-6 toy yazılıb. Əksinə artım yox, azalma var. İstək həddindən artıq azdır.

- Bəs məhərrəmlik ayında toy üçün müraciət edənlər oldumu?

- Demək olar ki, xeyr. Məhərrəmlik ayı təzə başlayan günlərdə 2 toy oldu. Lakin aşura günündən sonra müraciət edən olmadı. 

- Önümüzdəki aylar üçün yerlər bron olunub?

- Bəli var. Oktyabr, noyabr və dekabr ayının müxtəlif günlər üçün bron edilib. 

- Qiymətlərdə dəyişiklik varmı?

- Bəli, dəyişiklik var. Yay ayları ilə müqayisədə qiymətlər bir az yüksək oldu. Çünki yay aylarında adam sayı az olduğu üçün restoranlara sərf etmədi. Qiymətlərdə 20 faiz artım oldu və həmin artım hələ də davam edir. Oktyabrın 5-dən sonra ola bilər ki, adam sayının 150 nəfərdən 200 nəfərə qədər artırılmasına icazə verilsin. Əgər adam sayı artırılsa, mövcud qiymət artımı da aradan qaldırılacaq. 

- Həftəsonu və həftəiçi qiymətlərdə fərq varmı? 

- Mütləq şəkildə fərq var. Belə ki, həftəsonu və həftə içi qiymətlərdə 10-15 faiz fərq edir.

- Bir nəfərlik stulun qiyməti ən aşağı  və ən yuxarı neçəyə təklif olunur? 

- Ən ucuz 90 manat, ən yüksək isə 150 manat təşkil edir. 

Könül Oruc