Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

***

10:15

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.