Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də orta məktəblərin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayır.

Unikal.org xəbər verir ki, tədris müəyyən istisnalar olmaqla ənənəvi qaydada həyata keçiriləcək.

Amma Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir.

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.

Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

Bundan başqa, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yerləşən bufet və yeməkxanaların fəaliyyəti də bir sıra tələblər yerinə yetirilməklə bərpa olunub.

Qeyd edək ki, ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16 920 tələbənin, orta ixtisas təhsili üzrə 57 693 subbakalavrın təhsil alacağı proqnozlaşdırılır.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılıb. IX sinifdə 132 881, XI sinifdə isə 91 538 şagird oxuyacaq.

Xatırladaq ki, ibtidai siniflər üzrə tədris sentybarın 22-də başlayıb.