Rusiyanın Nalçik şəhər məhkəməsi sentyabrın 23-də 5 nəfərin öldüyü Elbrus dağına ekskursiyanın təşkilatçısı Denis Alimovu 1 ay 28 gün müddətinə həbs edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, istintaq məlumatına görə, sentyabrın 23-də 19 nəfərdən ibarət qrup Elbrusa dırmaşıb. Dağdan eniş zamanı güclü külək və qar çovğunu səbəbindən qrup xilasedicilərdən kömək istəməli olub.

İlkin məlumatlara görə, ekskursiyanın 5 iştirakçısı donaraq ölüb.

“Alimov Denis Vasilyeviç barəsində 2021-ci il noyabrın 26-na qədər 1 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilsin”, - deyə məhkəmənin hakimi elan edib.

Müdafiə tərəfi D.Alimov barəsində ev dustaqlığı həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Öz növbəsində, görüş zamanı günahını tam etiraf edən D.Alimov, demək olar ki, qrupun hər bir üzvü ilə şəxsən əlaqədə olduğunu və ölənlərin yaxınlarına dəstək olmaq istədiyini bildirib.

O, həmçinin əlavə edib ki, Elbrus dağı ilə yanaşı, digər dağlara da turlar, xizək gəzintiləri və xizək turları, eləcə də turizm qayıqları ilə gəzintilər təşkil edir.