"ATƏT-in yenidən bu işə qayıdıb Azərbaycan və Ermənistana müdaxilə etməsi qəbuledilməzdir". 

Bu sözləri Unikal.org-a açıqlamasında milli məclisin deputatı Sabir Rüstəmxanlı, ATƏT-in Minsk Qrupunun Cənubi Qafqaza işçi səfərlərini bərpa etməsinə münasibət bildirərkən deyib. 

Millət vəkili qeyd edib ki, Minsk Qrupunun Cənubi Qafqaza gəlişi bu münasibətlərə yenidən düyün salacaq:

"Konkret olaraq, ATƏT bir daha bu məsələyə qayıtmasın. Yəni, onların ermənipərəst mövqeyi 30 ildir bu məsələni dondurub. Mən beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqini başa düşürəm. Amma Minsk Qrupunun geri dönüşünü yolverilməz sayıram. Amerika və Fransanın məlum riyakarlıqlarından sonra bu münasibətlər heç vaxt davam edə bilməz". 

Sözügedən məsələyə münasibət bildirən deputat Naqif Həmzəyev qeyd edib ki, Minsk Qrupunun 30 ildə edə bilmədiyini Azərbaycan ordusu 44 günə həll edib:

"ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Çox təəssüflər olsun ki, regiona yalnız turistik səfərlər etdi. Nəticə etibarilə, Minsk Qrupunun həll edə bilmədiyi məsələni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu etdi. 

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Eləcə də, qarşı tərəfə Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə sülh və əməkdaşlığa start verilməsilə bağlı şans tanınıb. Bu gündən sonra istənilən prosesin yalnız bir hədəfi ola bilər, o da regionda uzunmüddətli sülhə nail olmaq üçün sülm müqaviləsinin imzalanması məsələsidir. ATƏT də yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması, ərazilərin tanınması, sərhədlərin dəqiqləşdirilməsi və daha sonra sülh anlaşmasının imzalanması məsələsində iştirak edə bilər". 

"Üçtərəfli bəyanatda da əsas vasitəçiliyi Rusiya etdi. Hazırda rus sülhməramlıları Qarabağda təhlükəsizliyi təmin edir. Zamanla sülhməramlıların da fəaliyyəti də başa çatacaq. ATƏT-in regiona səfərlərinin bir müsbət tərəfi o ola bilər ki, onlar sülh prosesini sürətləndirə bilərlər. Azərbaycanın mövqeyi və şərtləri istənilən halda bəllidir. Qarşı tərəf də bu şərtlərə əməl edəcəyi təqdirdə uzunmüddətli sülhə nail ola biləcəyik", - deyə N.Həmzəyev açıqlamasında bildirib. 

Ağarza Elçinoğlu