Sentyabr ayının 25-də saat 05:25 radələrində DSX-nin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxan və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalan qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Unikal.org-a bildirilib ki, qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahildən təxminən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilmiş, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilən şəxslərin Bakı şəhər sakinləri - 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.