“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı yeni layihəyə start verib.

Unikal.org xəbər verir ki,  “Aqro SMM” adlanan layihənin məqsədi aqrar sahədə SMM fəallığını artırmaq, gənclərdə sosial media vərdişlərini təkmilləşdirmək, aqrar sahədə SMM-in rolu və əhəmiyyətini gənclər arasında təşviq etməkdir. “Zirə Mədəniyyət Mərkəzi”ndə layihənin açılış mərasimi keçirilib. Tədbirdə “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Surxay Novruzov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin şöbə müdiri Ləman  İsgəndərova, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, “Zirə Mədəniyyət Mərkəzi”nin icraçı direktoru Elnur Sadiqov çıxış edərək layihənin məqsədi və əhəmiyyəti barədə  ətraflı məlumat verib.

Layihənin ilk günü baş tutan təlimlərdə Firdovsi Fikrətzadə “Ərzaq təhlükəsizliyi”, Surxay Novruzlu “Meyvəçilik”, “Aqrar Tədqiqatlar Mərkəzi”nin Tədqiqatlar departamentinin müdiri Pərviz Əliyev “Aqrar sahənin dayanıqlı inkişafı” mövzusunda təqdimatlarla çıxış edib, nəzəri bilikləri və təcrübələrini iştirakçılarla bölüşüb.  Layihə çərçivəsində gənclər sosial media və marketinq üzrə yeni biliklər əldə edəcək və onları aqrar sahədə tədbiq etmək imkanını qazanacaqlar.

“Aqro SMM” layihəsində gənclər aqrar sahə, jurnalistika, sosial media və marketinq üzrə təlimlərdə iştirak edəcək. Layihə çərçivəsində iştirakçılar kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşan təsərrüfatlara səfərlər edəcəklər, müəssisələrin SMM üzrə fəaliyyətlərini təhlil edərək yeni SMM plan hazırlayacaqlar. Gənclər tərəfindən hazırlanmış təqdimatlar Ekspertlər Şurası tərəfindən qiymətləndiriləcək və qaliblər təcrübə proqramlarında iştirak etmək hüququnu qazanacaqlar.

Qeyd edək ki, “Aqro SMM” layihəsi “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin dəstəyi ilə həyata keçirilir.