Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin park və yaşıllıqlarında zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmənin vaxtında aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi üçün fitosanitar monitorinqləri davam etdirir.    

Unikal.org xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Ağstafa və Tovuz rayonlarının ərazisində yerləşən parklarda həyata keçirilən monitorinqlər nəticəsində dekorativ bitkilərdə karantin tətbiq edilən yastıcalara, müxtəlif yaş mərhələlərində olan mənənələrə, yarpaqyeyən sovkalara, yarpaq bitlərinə, bağacıqlara, eyni zamanda, qızılgül bitkisinin və cökə ağacının yarpaqlarında göbələk xəstəliyinə (qara ləkə, unlu şeh) zəif sirayətlənmə aşkar olunub.

Bununla bağlı olaraq müvafiq qurumlar məlumatlandırılmış, aparılan mübarizə tədbirləri çərçivəsində mexaniki təmizləmə işləri həyata keçirilmiş  və digər zəruri tədbirlər görülmüşdür.