Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər.

Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdunda dinləyəcəklər.

Qonaqların əvvəlcə Cıdır düzü, Bülbülün ev-muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev-muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini ziyarət etmələri nəzərdə tutulur.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır. Bu il mayın 12-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edib.