Haiti prokurorluğu ölkənin baş naziri Ariel Anrini prezident Jovenel Moizin qətlində ittiham edib.

Unikal.org xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Anrini cinayət məsuliyyətinə cəlb etmək və ona qarşı birbaşa ittiham sürmək üçün kifayət qədər təqsirləndirici dəlillər var”, - deyə federal prokuror Bed-Ford Klod bildirib.

O, həmçinin tələb edib ki, “açıqlanan faktların ciddiliyi ilə əlaqədar” Anrinin Haitini tərk etməsinə qadağa qoyulmalıdır.

“Gazette Haiti” nəşrinin yazdığına görə, baş nazir Ariel Anri prezident Jovenel Moizin öldürülməsində ittiham olunmazdan bir gün əvvəl prokur Bed-Ford Klodu vəzifəsindən kənarlaşdırmaq qərarına gəlib.

Baş nazirin yaxınlarının sözlərinə görə, prokurorun qərarının heç bir təsir gücü olmayacaq, çünki o, belə bir tədbirə əl atmazdan əvvəl artıq işdən kənarlaşdırılıb.