“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Unikal.org xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində əhalinin dayanıqlı su təminatı məqsədilə yeni magistral su kəmərləri inşa olunur.

Qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. “Azərsu”yun daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihə həyata keçirilsə də bəzi ünvanların su təminatında çətinliklər olub.

Son illər Pirşağı qəsəbəsində yaşayış ərazilərinin genişlənməsi ilə əlaqədar içməli suya təlabatın artmasını nəzərə alaraq Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə - 110 və 500 mm diametrli, ümumilikdə 2,4 km uzunluğunda magistral su kəmərləri çəkilir. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.