Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) çalışan Rauf Mirələmovdan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edilib. 

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, Rauf Mirələmov özünə məxsus “1001 gecə” restoranının yaxınlığında tikinti işləri həyata keçirir və bunun qanunsuz olduğu üzə çıxıb. 

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti ərazidə araşdırma apardıqdan sonra tikinti işlərinin qeyri-qanuni olduğunu müəyyənləşdirib və qarşı tərəfə xəbərdarlıq edib. 

Lakin Rauf Mirələmov bu xəbərdarlığa məhəl qoymayıb. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. 

Hələlik Rauf Mirələmovun məsələ ilə bağlı polis tərəfindən dindirilib-dindirilmədiyi bəlli deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, qeyd edilən məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Rauf Mirələmov keçmiş deputat, qeyri-etik videosu ilə gündəmə gəldikdən sonra YAP-dan qovulmuş Hüseynbala Mirələmovun oğludur.