Ortamüddətli dövrdə dövlət büdcəsi investisiyalar üçün kifayət qədər imkan yaradacaqdır. Bu əsasda, dövlət investisiya proqramı xətti ilə, xüsusilə, azad edilmiş torpaqlarda görüləcək işlərə dəstək vermək üçün müvafiq vəsait nəzərdə tutulub.

Unikal.org xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin səmərəliyinin artırılması, o cümlədən mərkəzləşdirilmiş qaydada həlli məqsədilə nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.

Azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaqdır.

Sənəddə qeyd edilib ki, Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.