Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasının vətəndaşına məxsus və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzildə satış məqsədilə saxlanılması və realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

Unikal.org xəbər verir ki, bununla əlaqədar yaradılan əməliyyat qrupu qeyd edilən ünvanda məhkəmənin qərarına əsasən axtarış həyata keçirib. Axtarış zamanı evin mətbəxində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış müxtəlif adda cəmi 128.300 ədəd siqaret aşkar olunub.

Adı çəkilən şəxslə sorğu-sual zamanı o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də aksiz markasız siqaretlərin olduğunu bildirib. Daha sonra həmin mənzildən müxtəlif adda cəmi 63.800 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.