“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki,  Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olub. Larnakadakı “AEK Arena”da baş tutan qarşılaşmada 2 qol qeydə alınıb. Cari mövsüm avrokuboklarda qol buraxmayan “Qarabağ” quru seriyasını davam etdirə bilməyib. 68-ci dəqiqədə ev sahibləri penaltidən hesabı açıblar. Lakin Azərbaycan klubu məğlubiyyətdən qaça bilib. Abdullah Zubir 90+3-cü dəqiqədə status-kvonu bərpa edib – 1:1.

Qoldan sonra kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim matçı dayandırıb. Görüş bir neçə dəqiqə sonra davam edib və 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək. Cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.