“Eldəniz Səlimovun hərəkəti yolverilməz addım idi. Bu, bir daha YAP-ın kadr seçkisi zamanı nə qədər diqqətli olmalarına bir işarə idi”. 

Bu fikirləri Unikal.org-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı səsləndirib.

O bildirib ki, burada əsas dərsi hakim partiya götürməlidir ki, artıq təsadüfi insanların siyasətə gəlməsinin qarşısı alınmalıdır: “Bu gün YAP-dan parlamentə gələn deputatlar var ki, jurnalistin sualını cavablandırarkən “mən siyasətə qarışmıram” deyir. Bəziləri də deyir ki, “öyrənirik də yavaş-yavaş”. Adam qanunverici orqanın üzvü, bizim yaşamımızı təmin edəcək qanunları qəbul edən adam hələ siyasət öyrənir. Yəni, bunlar “dəlləkliyi" xalqın başında öyrənir misalının bariz nümunəsidir. Görünən odur ki, burada kriteriyalar qohumbazlıq, tanışlıq və s. aiddir, nəinki bilik, bacarıq, qabiliyyət. Ona görə də uğursuz kadrlar dövlətə gəlir. Yəni, dünənə qədər ən yaxşı vəzifəsi restoranda administrator olan kiminsə qohumudur deyə parlamentə gətirilir, ya da kiminsə oğludur deyə vəzifə verirlər. Bu gün qohumluq və ailə maraqları üstün tutulduğuna görə iqtidar sözügedən problemləri yaşayır”. 

Patiya sədri onu da qeyd edib ki, E.Səlimovun həbsi təqdir olunası haldır: “Hamı bilməlidir ki, heç kim toxunulmaz deyil. Hər kəs qanun qarşısında cavab verməlidir. Hələ söhbət qanun keşiyində duran bir orqana qanunverici orqanın nümayəndəsinin “təpik atması”ndan gedirsə, bu, biabırçılıqdır. Mən həmin deputata qarşı atılan addımı alqışladım. Amma bəlkə də müəyyən yumşalmalarla həbsə atılmama olardı, lakin burada dövlət orqanları simvolları var. Bu, dövlətin dayaqlarını və nüfuzunu sarsıdırdı. Ona görə də düşünürəm ki, adekvat tədbir görüldü. Hakimlərimiz də məhkəmədə doğru qərar verərək hamıya ibrət olacaq qərar qəbul etdilər. Söhbət dövlətin dayaqlarından gedrisə, kimsəyə güzəşt edilməməli, ən sərt cazalar verilməlidir”.

Ağarza Elçinoğlu