Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirəcək.

Unikal.org xəbər verir ki, bu görüş 36 yaşlı qrossmeysterin "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmaları olacaq.

Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu - XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayacaq.

10 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 6,5 xalla 4 - 6-cı yerləri bölüşdürür. Bugünkü görüşlərin ardından Məmmədyarovun növbəti raunda vəsiqə qazanıb-qazanmayacağı bəlli olacaq.

"Chessable Masters"

XI tur - Jorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov

XII tur - Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

XIII tur - Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov

XIV tur - Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

XV tur - Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.