Son dövrlər müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edən və yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə  həqiqətə uyğun olmayan məlumatlar və müzakirələr bəzi  kütləvi informasiya vasitələrində yer alır. 

Unikal.org xəbər verir ki,  bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.  Onun sözlərinə  görə, Parlament uğurla fəaliyyətini davam etdirir:

"Hazırki dövrdə göstərilən mövqeyə heç bir əsasın  olmadığı ilə əlaqədar olaraq bildirmək istəyirəm ki, ölkəmizdə təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və aydın hakimiyyət bölgüsü vardır. Həm də müxtəlif dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və effektivliyi daha da artırır. Milli Məclisin say tərkibi, eləcə də tərkibin formalaşdırılması üçün tətbiq olunan seçki sistemi uzun illərin sınağından uğurla çıxmışdır və hazırda günün tələblərinə tam uyğundur.  VI çağırış Milli Məclis öz fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atmış, parlaq nailiyyətlər əldə etmişdir. Milli Məclisdə  qanunvericilik fəaliyyəti, beynəlxalq əlaqələr, vətəndaşlarla iş, deputat fəallığının artırılması və s. istiqamətlərdə islahatlar aparılmış, o cümlədən, səhiyyənin hüquqi bazasının təkmilləşdirilməsi və dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizənin hüquqi bazasının yaradılması istiqamətində müvafiq işlər görülmüşdür".