Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahid Bağcı ilə görüşüb.

Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri Türkiyədə baş verən yanğınlarla bağlı təəssüfləndiyini, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib və iki qardaş ölkənin dostluq münasibətlərinin bütün dünya üçün nümunəyə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Şuşa bəyannaməsinin xüsusi əhəmiyyətini, bu sənədin diasporlarımız üçün Yol xəritəsi olduğunu qeyd edən F.Muradov Komitənin fəaliyyətindən, Türkiyə və Azərbaycan diasporlarının iş birliyindən, Yurddışı Türklər və Əqraba Topluluqları İdarəsi ilə əməkdaşlıqdan danışıb, qardaş ölkədəki Azərbaycan təşkilatları və dərnəkləri barədə ətraflı məlumat verib.

Səfir Cahid Bağcı səmimi qəbula görə minnətdarlığını bildirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib, diasporlarımızın iş birliyinin zəruriliyini nəzərə çatdırıb.

Görüşdə diasporlarımızın beynəlxalq platformalarda birgə fəaliyyətinin vacibliyi, daha peşəkar vasitələrlə yumşaq gücə çevrilməsinin əhəmiyyəti haqda fikir mübadiləsi aparılıb.

Sonda səfirə xatirə hədiyyələri təqdim olunub.