Ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə qazi Muradov Orxan Fazil oğlu Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin ondan pul tələb etdiyini iddia edib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən xəstəxananın baş həkimi Eldar Kərimov bildirib ki, həmin qazi ötən gün rentgen müayinəsinə gəlmişdi:

"O, rentgen çəkildikdən sonra kağız tələb edib. Bizə verilən təlimata görə də, rentgen kağızınının götürülməsi üçün 4 manat ödəniş edilməlidir. O da deyib ki, baş həkimin yanına çıxmaq istəyirəm. İçəri girən kimi hay-küylə, söyüşlə danışmağa başladı. Mən ona izah etdim ki, qaydalar bu cürdür. Qanunu pozmağa heç kimin ixtiyarı yoxdur. Mənim qohumum burada idi, getdi onun yerinə ödəniş etdi, qazi də rentgen kağızını götürüb xəstəxananı tərk etdi. Özü də, həmin qazinin əmisi və dayısı Mingəçevirdə "bərk gedən" şadlıq evlərinin sahibləridir. Bu gün də gələn kimi TƏBİB-ə müraciət etdik ki, bu cür hallar yaşanır. Bu qaydalara yenidən baxılsın. Bilirsiniz necədir, savadsızlıq da var. Qazi olmaqla deyil ki, çoxu 6-cı, 8-ci sinifi bitirib, savadları da yoxdur".

Seymur Əli