"Ermənistan bu bölgəyə gələndən normal, stabil vəziyyət olmayıb. Biz buna nə vaxta qədər dözməliyik? Onlar bölgədə yaşayan xalqlarla normal münasibət qura bilmir. Daxilində digər millətdən heç kim yoxdur, hamısı köçüb gedib. Bütün bu hallar Azərbaycanın məsələni birdəfəlik həll etməyə vadar edir. Bunun da Ermənistanı hansı vəziyyətə gətirəcəyi məlum məsələdir". 

Bu sözləri Unikal.org-a hərbi ekspert Emin Həsənli ermənilərin Kəlbəcər istiqamətindəki təxribatları haqqında açıqlamasında deyib. 

"Ermənistan 100 il Amerika, Fransa və Rusiya kimi ölkələrə arxayın oldu, nəticədə isə orduları darmadağın edildi, iqtisadiyyatları çökdü, kreditlə aldıqları texnikalar məhv edildi və s. İndi də Ermənistanın mövcudluğu sual altına düşüb. Ermənistan tam müstəqil dövlət deyil. Onlar özləri qərar verə bilmir. Fransa səfiri açıqlama verdi ki, biz Zəngəzur dəhlizinin əleyhinəyik, Amerikanın səfiri Ermənistanla sərhədə gedir. Fransa ordusunun da sərhədə yerləşdirilməsi müzakirə olunur. Buna görə də Paşinyan müxtəlif fikirlər irəli sürür", - deyə ekspert bildirib. 

E. Həsənli onu da qeyd edib ki, hazırda Ermənistanın mövcudluğu sual altındadır. Onlar məhv olmamaları üçün Azərbaycandan muxtariyyət istəyəcək:

"Ermənistan xalqı yenidən Paşinyanı seçməklə müharibə istəmədiyini bir daha bildirdi. Koçaryan müharibə istəsə də, əhali istəmir. İndi isə təxribatlar davam etməkdədir. Sual yaranır ki, bəs Ermənistan nə istəyir? Özü də bütün bunlar sərhəddə baş verir. Onlar istəyir ki, münaqişə yenidən alovlansın, ATƏT yenidən qayıdıb "vasitəçilik" etsin və s. amma Azərbaycan buna heç vaxt icazə verməyəcək. Əgər Ermənistan müstəqil yaşaya bilmirsə, mütləq kiminsə vassalı olmaq istəyirsə, Azərbaycanın tərkibinə keçsin. Dövlətçilikdən imtina etsin, ordu da saxlamasın. Azərbaycan da öz tərkibində onlara muxtariyyət verə bilər. Onsuz da biz vaxtilə onlara 9 min kvadrat km vermişik. Göyçə və Zəngəzuru da bizə birləşdirib özləri orada yaşasın. Əslində onlar da elə bizdən muxtariyyət istəyir. Yox əgər onlar digər dövlətlərin vassalı olub, bizə təhlükə yaradacaqsa biz bu məsələni kökündən həll edəcəyik". 

Ağarza Elçinoğlu