“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan və UNEC tərəfindən razılıq məktubu verilən doktorantlarla görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə UNEC rektoru professor Ədalət Muradov xarici universitetlərdə təhsil almaq şansı qazanan doktorantları təbrik edərək, onlara uğurlar arzulayıb. UNEC-in strateji hədəflərindən söz açan rektor bildirib ki, UNEC-də elmi fəaliyyətin, kadr potensialının daha da gücləndirilməsi istiqamətində ciddi hədəflər ortaya qoyulub. Rektor bu istiqamətdə gənc müəllimlərlə birgə əməkdaşlığın prioritet götürüldüyünə diqqət çəkərək, onların elmi fəaliyyətə, tədrisə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. UNEC-də elmi tədqiqatların aparılması üçün müxtəlif istiqamətlər üzrə 32 tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, beynəlxalq indeksli jurnallarda impakt faktorundan asılı olaraq, dərc olunan elmi məqaləyə görə 4 min manatadək qonorarın müəyyən edildiyini qeyd edib. Həmçinin nüfuzlu xarici universitetdə bir il müddətinə tədqiqat aparmaq üçün dəvət almış UNEC müəlliminin xaricdə tədqiqat apardığı müddətdə də əməkhaqqının saxlanıldığını  bildirib.

Doktorantlara UNEC-də Ömür Boyu Təhsil fakültəsinin yaradıldığı və burada təhsilin yeni seqmenti olan korporativ təhsil üzrə mütəxəssis hazırlığının da aparıldığı bildirilib. 

Sonra doktorantların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Qeyd edək ki, 13 doktorant Türkiyənin İstanbul Universitetində, biri isə Niderland Krallığının Maastricht Universitetində təhsil almaq hüququ qazanıb. Onlar təhsil aldıqları müddətdə UNEC-də təlim-tədris sisteminin yenilənməsi, birgə elmi məqalələrin hazırlanması, elmi-tədqiqatların aparılmasında və s. iştirak edəcəklər,  eləcə də 5 il UNEC-də pedaqoji fəaliyyət göstərəcəklər.