İyulun 22-də Malta bayrağı altında Aralıq dənizində üzən, kapitanı milliyyətcə azərbaycanlı Rafiq Əfəndiyev olan "Aral" tankeri 32 Suriyalı miqrantı xilas edib.

Unikal.org xəbər verir ki, bu barədə açıqlama verən kapitan bildirib ki, xilasetmə əməliyyatı Krit adasından 70 mil Cənub-Şərqdə baş tutub:

"İyulun 22-si idi. Aralıq dənizində Şimal-Qərbdən gələn 7-8 bal gücündə fırtına var idi. Bakı vaxtı ilə saat 13:40-da məni "Olympia" radiosundan çağırdılar. Xarici ölkələr arası təcili yardım üzrə dənizdə xilasetmə ofisi ilə əlaqəyə keçdim. Onlar bildirdilər ki, bizdən 18 mil Şimal-Qərbdə bir qayıq qəza siqnalı verib və biz təcili həmin əraziyə getməliyik. Xəbəri alan kimi kursu dəyişmək əmri verdim. Təxminən 2 saata qəza siqnalı verən qayığa çatdıq. "Rahvan" adlanan pirat qayığının üzərində Yunanıstan bayrağı asılmışdı və onun Türkiyəyə məxsus olduğu iddia edilsə də bu, elə deyildi.

Yaxtada olan qaçqınlar, əsasən, suriyalılar idi. Həmçinin onlar arasında 2 İran, 1 Fələstin vətəndaşı da var idi.

Biz 32 nəfəri xilas etdikdən sonra təxminən Yunanıstan vaxtı ilə 19:00-da daha 1 saat axtarış-xilasetmə əməliyyatlarını apardıq. Sağ qalan tapmasam da 2 qadın cəsədi aşkar etdim". 

Bildirilib ki, xeyli itkilərin olması istisna edilmir.