“Sumqayıt” 2021/22 mövsümünə start verib.

Unikal.org xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

Ayxan Abbasovun yetirmələri Serbiyada “Çukariçki” ilə qarşılaşıb. Görüş qarşılıqlı hücumlarla keçsə də, meydan sahibləri cüzi ərazi üstünlüyünə malik olub.

Lakin tərəflərdən heç biri yaradılan imkanlardan istifadə edə bilməyib. Qolsuz sülhlə ayrılan rəqiblər cütün taleyinə cavab görüşündə aydınlıq gətirəcək.

Bununla da Azərbaycan klublarının Konfrans Liqasında debütü heç-heçə ilə əlamətdar olub. “Sumqayıt” isə özünün ilk avrokubok səfərində sülhə imza atıb. Bu, klub tarixinə qitə miqyaslı turnirlərdəki ilk xal kimi düşüb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.