Zaqatalada tütünçüləri daşıyan mikroavtobus qəzaya düşüb, nəticədə, bir nəfər ölüb, doqquz nəfər isə xəsarət alıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki,, hadisə Zaqatala-Qandax-Kəpənəkçi avtomobil yolunda baş verib.

Rayonun Muğanlı kənd sakini, 1990-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılovun idarə etdiyi mikroavtobus hərəkətdə olarkən rayonun Qandax kənd sakini, 1973-cü il təvəllüdlü Vasif Şamsun oğlu Əsgərovun idarə etdiyi qoşqulu motosikletlə toqquşub.

Qəza zamanı mikroavtobusda olan sərnişin, rayonun Qandax kənd sakini, 1966-cı il təvəllüdlü Zöhrə Mehralı qızı Cəbiyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Motosikletin sürücüsü Vasif Əsgərov, motosikletdə sərnişin qismində olan onun oğlu, 23 yaşlı Adəm Əsgərov, mikroavtobusda olan sərnişinlər - rayonun Qandax, Faldar və Muğanlı kənd sakinləri olan ümumilikdə yeddi nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər tütünçülərdir. Onlar Şəki rayon ərazində əkilən tütün sahəsində işlədikdən sonra evlərinə qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.