AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar polis tərəfindən gücləndirilmiş tədbirlər həyata keçirilir.

Bu barədə Unikal.org-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, oyunların keçiriləcəyi Olimpiya stadionu və ətrafı polis tərəfindən tam nəzarətə götürülüb.

“Hazırda Olimpiya stadionu istiqamətində gedən bütün küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Azarkeşlər, iştirakçılar və təşkilatçıların hərəkəti isə xüsusi emblemi ilə müəyyən olunur.

Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edərkən 9-cu köndələn küçəsi ilə kəsişmədən Xəlil Rza Ulutürk küçəsi istiqamətində, həmçinin, Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçəsi ilə kəsişmədən Böyükşor bulvarı istiqamətində hərəkətə məhdudiyyət qoyulub”.

V.Əsədovun sözlərinə görə, bu ərazidə yalnız təşkilat komitəsi tərəfindən hərəkətinə icazə verilmiş nəqliyyat vasitələri hərəkət edə bilər:

“Eyni zamanda qurulmuş postlarda təşkilat komitəsinin nümayəndəsi də iştirak edir. Olimpiya Stadionu istiqamətinə azarkeşlərin, iştirakçıların, oyunçuların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat və xüsusi ekspress avtobuslar ilə həyata keçiriləcək.

Əvvəlcədən də verdiyimiz məlumat əsasında paytaxtın Səməd Vurğun parkının qarşısı və “Qara Qarayev” metrostansiyasının ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Bundan başqa, azarkeşlər və iştirakçılar “Koroğlu” metrostansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər”.

O vurğulayıb ki, təhlükəsizlik qaydalarına riayət, qapalı yerlərdə tibbi maskadan istifadə, həmçinin, informasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmək lazımdır.