Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Komitədən Unikal.org-a verilən məlumata görə, Səfər Mehdiyev diplomatik fəaliyyəti başa çatan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verən S. Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə danışıb. Tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığı, qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.

Komitə sədri BMT ilə DGK arasında səmərəli əməkdaşlığın gömrük xidmətinin inkişafına müsbət təsirindən danışıb, bu əlaqələrin daha da möhkəmləndirilməsində diplomatik fəaliyyəti başa çatan rezident əlaqələndirici Qulam İshaqzainin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.