Daxili Qoşunların xidmətdən tərxis olunmuş hərbçisi, baş leytenant Namiq Hümbətov ötən gün Bakıda xəstəxanada vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə “Qafqazinfo” ya mərhumun dayısı məlumat verib.

O bildirib ki, 31 yaşlı N. Hümbətov müharibədən qabaq səhhətində yaranan problemlə bağlı Daxili Qoşunlardan tərxis edilib: “Namiq qaraciyər serrozundan əziyyət çəkirdi. Müalicə olunmaq məqsədilə Türkiyəyə də göndərilmişdi. Bir müddət səhhətində irəliləyiş müşahidə edilib. İki gün əvvəl isə səhhəti pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ona sistem köçürülüb. Sistemdən sonra vəziyyəti daha da pisləşdiyindən Bakıda Topçubaşov adına xəstəxanaya aparıldı. Ötən gün xəstəxanada dünyasını dəyişdi. Bu gün onu səhər saatlarında anadan doğulduğu Biləsuvar rayonu Çaylı kəndində torpağa tapşırdıq”.