İyunun 17-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış UNEC-in tələbəsi Əsəd Əsədlinin ad günü idi, şəhidimiz 26 yaşını cənnətdə qeyd edirdi.

Unikal.org xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov, şəhidin təhsil aldığı Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və Əsəd Əsədlinin ailə üzvləri ad günü münasibətilə II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhid məzunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Sonra rektor Ədalət Muradov Əsəd Əsədlinin diplomunu şəhidin məzarı önündə onun ailəsinə təqdim edib. UNEC məzununun rəssam tərəfindən çəkilmiş portreti xatirə olaraq  ailəsinə verilib.

Rektor torpaqlarımız azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımızın, UNEC ailəsinin qəlbində daima yaşayacağını bildirərək, onlarla fəxr etdiyini və valideynləri qarşısında baş əydiyini deyib. UNEC-in şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirilməsi məqsədilə universitetdə memorial kompleksin yaradıldığını, təhsil aldıqları auditoriyalara onların adlarının veriləcəyini, şəhidlərimiz haqqında kitabların dərc olunacağını vurğulayıb. Rektor şəhid ailələrinin hər bir üzvünün UNEC kollektivi üçün dəyərli olduğunu diqqətə çatdırıb. Bildirib ki, Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qəhrəman oğulları yad etmək, şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək, ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin ən müqəddəs borcudur.

Şəhidin babası Əsədin ən böyük arzusunun torpaqlarımızı azad görmək olduğunu deyib. Onun bu amal uğrunda Vətən müharibəsi başladığı elə ilk gündən bir an belə tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollandığını, noyabrın 8-dən 9-na keçən gecə Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla vuruşduğunu, 21 döyüş yoldaşını ölümün pəncəsindən xilas edərək  şəhidlik zirvəsinə ucaldığını bildirib.

İgid döyüşçü Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.