Lənkəran şəhərində keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirişzadə 2 bükümdə narkotik vasitə heroini satarkən saxlanılıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı onun Lənkəran şəhəri ərazisində yerləşən yaşadığı evin həyətindəki qarajdan 1 kiloqram 503 qram narkotik vasitə heroin, 1 kiloqram 20 qram tiryək və 1 ədəd elektroin tərəzi aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı E.Mirişzadənin həmin narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.