İyunun 2-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Unikal.org  xəbər verir ki, söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqlayıblar. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması məmnuniyyətlə qeyd edilib.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olunub.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib. Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb.

Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirib. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulanıb və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparılıb.