Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayon ağsaqqallar şurasının növbəti 9-cu konfransı keçirilib.

Unikal.org xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başladı. Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı  Süleyman Mikayılov açıb.

Tədbirdə Respublika Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Milli Məclisin deputatı Aydın Hüseynov və Respublika Ağsaqqallar Şurası aparatının böyük məsləhətçisi Kamal Əliyev iştirak edibdilər.

Daha sonra nitqini davam edərək qeyd edib ki, uğurlu daxili və xarici siyasət aparan möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Milli Ordumuz 44 günlük Vətən müharibəsində, 27 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edib. 

"Respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tuturlar, o cümlədən yerli ağsaqqallar Qaradağ rayonunun həyatında əhəmiyyətli işlər görürlər.

Belə ki, ağsaqqallarımız həmişə gənclərə örnək olmaqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak edirlər. Onlar rayonumuzun bütün tədbirlərində diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar. Pandemiya dövründə də rayon rəhbərliyi daim ağsaqqalların yanında olmuş, bu gün də eyni diqqəti göstərməkdədir. 

44 günlük Vətən müharibəsi dövründə ağsaqqallarımız vətənpərvərlik təbliğatını daha da genişləndirmişlər.

Təəssüf ki, Vətən müharibəsində rayonumuzdan da şəhid olanlar var. Ağsaqqallar öz növbəsində şəhidlərimizin dəfn mərasimində, onların ailələrinə təskinlik verilməsi işlərində fəal iştirak ediblər. 

Prezident seçkilərində, Parlament seçkilərində və digər seçkilərdə ağsaqqallar yaxından iştirak edirlər.
Qaradağ Rayon Ağsaqqallar Şurası tərəfindən Prezidentimizin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi sahəsində də ağsaqqallarımızın qarşısında duran vəzifələr uğurla yerinə yetirilir".

İcra başçısı Süleyman Mikayılov nitqini yekunlaşdıraraq yığıncağın davam etdirilməsi məqsədilə Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimova söz verib:

 Eldar İbrahimov ağsaqqalları salamladıqdan sonra tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib:

1. Qaradağ Rayon Ağsaqqallar Şurasının Əsasnaməsinin qəbul  edilməsi.
2. Qaradağ Rayon Ağsaqqallar Şurasının sədrinin seçilməsi.
3. Qaradağ Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin seçilməsi.
4. Qaradağ Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının seçilməsi. 
5. Cari məsələlər.

Gündəlikdə duran məsələlər müzakirə olundu və yekdilliklə qəbul edilib. Konfransda 7 nəfərdən ibarət idarə heyəti, 3 nəfərdən ibarət isə təftiş komissiyasının üzvləri seçilib.

Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə Məmmədov Ramin Hüseyn oğlu seçilib. Seçkilərdən sonra Eldar İbrahimov Respublika Ağsaqqallar Şurasının tövsiyələrini və qarşıda duran vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırdı. Yeni seçilən heyətə işlərində daha modern, səmərəli olmalarını və uğurlu fəaliyyət arzulayıb.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi və yeni seçilən heyəti təbrik edib.

Yığıncağa Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı  Süleyman Mikayılov yekun vuraraq, bir daha 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən böyük Zəfər münasibətilə və qarşıdan gələn 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə toplantı iştirakçılarını və bütün rayon ağsaqqallarını təbrik edib.