Son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və olmayan bir çox hissələr yaradılıb. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Unikal.org  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Kimsə ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlar üçün yaxşı yer seçsin”“Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”, - deyə dövlətimizin başçısı qeyd edib.

Üç il bundan əvvəl keçirilmiş uğurlu Günnüt əməliyyatını Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyətinin bariz nümunəsi adlandıran Prezident İlham Əliyev deyib: “O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.