Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrında “BBC” telekanalı ilə baş tutmuş müsahibəsi sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Müsahibədə jurnalist tərəfindən səsləndirilən “senzura” və “müxalifətin sıxışdırılması” kimi uydurma ittihamlara prezidentin kifayət qədər aydın şəkildə cavab verməsi və Qərbin “ikili standartlarına” işarə etməsi sosial şəbəkə istifadəçilərinin xüsusilə diqqətini çəkib.

Azərbaycan Prezidenti jurnalistə Culian Assanj barədə xatırladıb və sual verib: “Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”

Bu an jurnalist özünü itirərək söhbətin mövzusunu dəyişməyə çalışıb.

Unikal.org xəbər verir ki, xarici istifadəçilər müsahibənin məhz bu hissəsini çox bəyəniblər. Onlar müsahibənin həmin fraqmentini tvitterdə paylaşaraq aktiv şəkildə şərhlər yazıblar.

“Bu müsahibə “BBC” jurnalistlərinin cahilliyinin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Onlar öz elita üzvlərindən başqa heç kəsə hörmət qoymurlar. Buna görə də demokratik yolla seçilmiş liderlərimizlə eyni şəkildə davranırlar – nəzakət və hörmət nümayiş etdirmədən”, – tvitter istifadəçilərindən biri yazır.

“Bu şəxs Ermənistan və Azərbaycan məsələsindən başqa, Britaniya mediasında olmayan sağlam düşüncədən və həqiqətdən danışır. Böyük Britaniyada media nəhəng biznesin və isteblişmentin maraqlarının təyin etdiyi parametrlər daxilində fəaliyyət göstərdiyi müddətcə “azad”dır: deməli, azad deyil”, – Adhamh Sophur adlı istifadəçi videogörüntüyə şərhində yazıb.

Paul Brennan adlı iş adamı isə İlham Əliyevi açıq şəkildə inanılmaz zövqə və təfərrüatlara diqqət yetirən adam adlandırıb.

“Onun televiziyanın canlı efirində hakim Qərb təbliğatına dərs verməsi həqiqətən xoşuma gəldi”, – çoxsaylı şərhlərdən birində deyilir.

Bu müsahibəyə maraq hər gün artır, hazırda onu 3 milyondan çox insan izləyib. İndiyə qədər Azərbaycandan hər hansı bir məqalə, açıqlama, müsahibə və ya çıxış beynəlxalq arenada bu qədər rezonans doğurmayıb. Xarici KİV-lərlə baş tutmuş bu müsahibə göstərir ki, Prezident müharibə dövründə Azərbaycanın maraqlarını təkcə döyüş meydanında deyil, həm də informasiya müharibəsində müdafiə edib.