Mayın 7-də, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman tibbi və reabilitasiya sahəsinin inkişafına yeni töhfələrin verilməsi məqsədilə memorandum imzalanıb.

Unikal.org xəbər verir ki, razılaşma Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında idman tibbi və reabilitasiya sahəsinin inkişafı üzrə birgə fəaliyyət qurmaqla qarşılıqlı əməkdaşlığa və səmərəli nəticələrə nail olmaq məqsədi daşıyır.

Qeyd edək ki, Qarabağ müharibəsini qalibiyyətlə başa vuran ölkə olaraq, reabilitasiya sahəsinə xüsusi diqqət ayırmaq və bu sahədə peşəkar kadrların yetişdirilməsi prioritet mövzulardandır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə öz növbəsində peşəkar gənc reabilitoloqlar yetişdirərək bu sahəyə öz töhfəsini verməkdədir. 

Birgə əməkdaşlığın nəticəsi olaraq idman tibbi və reabilitasiya sahəsində birgə layihələrin həyata keçirilməsi, akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin təşkili nəzərdə tutulub. Həmçinin Akademiyanın bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün Agentliyin tabeliyində olan Reabilitasiya Mərkəzlərində müvafiq təcrübə və təlimlərin keçirilməsi, Agentliyin, onun struktur bölmələrinin və tabe qurumlarının əməkdaşları üçün Akademiyada müvafiq ixtisasartırma və ya təcrübə, eləcə də yüksək ixtisaslı peşəkar kadr hazırlığının təşkili nəzərdə tutulub.