Mayın 6-da Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən əməkdaşların təntənəli andiçmə mərasimi keçirilib.

Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad etmiş, məzarları önünə tər gül dəstələri qoyublar.

Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Mərasim başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa dilənib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təsisat kimi formalaşması ümummilli lider Heydər Əliyevin müəyyən edərək həyata keçirdiyi hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olub.

Baş prokuror vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə prokurorluğun fəaliyyətinə xüsusi maddə həsr edilərək, onun yeri məhkəmə hakimiyyəti sistemində müəyyən edilməklə statusu, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilib, sonradan "Prokurorluq haqqında” Azərbaycan Respublikasının 1999-cu il tarixli qanunu qəbul olunmaqla prokurorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilib, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyən edilib, sistemi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilən “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş gənc hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.

Xüsusilə vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub, 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə dövlət başçısının yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Baş prokuror bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla gənclərin dövlət idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən mütəmadi tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayaraq gəncliyin uğurlu gələcəyinə hesablanıb.

Ölkə başçısının rəhbərliyi ilə görülən işlərin, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyətinin xalqımız tərəfindən daim dəstəkləndiyi nəzərə çatdıran Baş Prokuror prokurorluq əməkdaşlarının həyata keçirilən siyasi kursa, dövlətə və dövlətçiliyə daim sadiq olduqlarını qeyd edib.

Bildirilib ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2021-ci ildə keçirilən 22-ci müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 100 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunan gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş Prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Prokurorluqda qulluğa yeni qəbul olunan gənclərdən Suat Qəhrəmanova, Aqil Əşrəfov və Vətən müharibəsi iştirakçisi İlkin Şıxməmmədov çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başısına öz minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.