“Ermənilər bu yaxınlarda televiziyalarının birində keşişi efirə çıxarıb, sübut etməyə çalışırdılar ki, İkinci Qarabağ savaşında Azərbaycan tərəfdən cinlər savaşıb”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, keşiş efirdə inandırmağa çalışıb ki, erməni fərarilər cinlərdən qorxub qaçıb: “Görün, biz kimlərlə savaşmışıq. 10 minlərlə fərarisi olan ölkə bunu cinlərlə əlaqələndirməyə çalışır. Bu qələbəni Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, Azərbaycan əsgəri qazanıb. Bu müharibədə Azərbaycan bütün müharibə qanunlarına uyğun hərəkət edib”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, ermənilər nə qədər səfeh-səfeh danışsalar, o qədər yaxşıdır.