Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Unikal.org-un xəbərinə görə, dəyişikliklə kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşib.

Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.