Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.

Unikal.org həmin söhbətin dialoqunu təqdim edir:

“Huayvey-Azərbaycan” şirkətinin baş meneceri: Salam, hörmətli cənab Prezident Əliyev. Mənim adım Deyviddi. Mən “Huayvei-Azərbaycan” şirkətinin baş meneceriyəm. Bizim “Ağıllı kənd” rəqəmsal texnologiyamızı Sizə təqdim etmək mənim üçün böyük şərəfdir. Biz bu texnologiyadan Qarabağda yenidən qurulacaq ərazilərdə istifadə edəcəyik.

Əvvəlcə, mən böyük zəfər münasibətilə, cənab Prezident, Sizə təbriklərimi və dərin ehtiramımı çatdırmaq istəyirəm. Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırıq. Aparıcı “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və bizim 100-dən çox qlobal layihəmiz mövcuddur. Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik. “AirPON” cihazı hazırda cənab Prezidentin qarşısındadır. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəyik. Bu, tərəfimdən hazırlanmış qısa hesabat idi. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən sizə uğurlar arzulayıram. Bu, Qarabağ regionunda ölkənin birinci layihəsidir. Mən şadam ki, Azərbaycanın yaxşı tərəfdaşı olan “Huayvei” şirkəti bu layihədə iştirak edir. Xatırlayıram ki, Çinə səfərlərimin birində mən sizin Pekindəki mənzil-qərargahınızı ziyarət etmişdim və orada mənə sizin fəaliyyətinizlə bağlı təqdimat verilmişdir. Həmçinin Bakı ofisi ilə birbaşa əlaqə də yaradılmışdır. Bilirəm ki, Bakı ofisi çox uğurlu fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərdə çoxlu işlər olacaq. Çünki bu, yalnız bir kənddir. Erməni təcavüzkarlar tərəfindən dağıdılmış yüzlərlə kənd və şəhərlərimiz var. Bizə indi onları bərpa etmək lazımdır. Biz onları müasir standartlar, yaşayış standartları əsasında bərpa etməliyik. Beləliklə, mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, işğaldan azad olunmuş ərazilərin digər hissəsində işləmək üçün sizin başqa fürsətiniz olacaq.

Baş menecer: Təşəkkür edirəm, cənab Prezident. Biz əlimizdən gələni edəcəyik.