“ABŞ Prezidenti Bayden 24 aprel günü yayımladığı mesajda coğrafiyamızda bir əsrdən uzun müddət yaşamış acı hadisələrlə əlaqədar əsassız, haqsız ifadələrdən istifadə edib".

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

"Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib.

Radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə mətnə yer verildiyini düşünürük”, - deyə Ərdoğan bildirib.

Türkiyənin dövlət başçısı qeyd edib ki, ermənilərin Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində etdikləri ortadadır:

"Minsk Qrupu üçlüyü yaradılmışdı. Bu qrupda kimlər vardı? ABŞ, Rusiya və Fransa. Bunlar 30 il ərzində Qarabağı işğaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşlarımız nə yazıq ki, öz yurdlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ yandırıldı, dağıdıldı. Əgər "soyqırım" deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır. Bütün bunlar ortadaykən, sizlər qalxıb türkə, türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz".