Son vaxtlar Yeni Azərbaycan Partiyasının tanınmış simalarının etdiyi hərəkətlər cəmiyyətdə heç də birmənalı qarşılanmır. YAP ilk olaraq partiyanın keşmiş icra katibinin müavini, deputat Siyavuş Novruzovun atdığı addımları ilə gündəmə gəldi.

Unikal.org xəbər verir ki, o, ölkədə sərt karantin rejiminin tətbiq olunduğu dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakına və 400 manat cərimələnməsinə görə gündəmə gəldi. S. Novruzov cərimələnməsinə görə, Daxili İşlər Nazirliyini məhkəməyə verəcəyi və hətta Avropa Məhkəməsinə qədər gedəcəyini bəyan etdi.

Nəticədə İcra katibinin müavini Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verməli oldu. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət verildi.

Hakim partiyanı müzakirə obyektinə çevirən başqa bir addım YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev  tərəfindən atıldı. Onun təşkilatın yerləşdiyi inzibati binanın birinci mərtəbəsini aylıq 4 min manat qarşılığında kurslara kirayəyə verməsi məlum oldu. 

Ötən gün isə hakim partiyanın Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə biyabırçı görüntüləri yayıldı.

Həmin görüntülərdə keçmiş deputat gənc xanıma qarşı biabırçı hərəkətlər edib. Bu, Mirələmovun onlayn tədbirə qoşulması zamanı baş verib.

Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və 75 yaşlı sabiq deputatın bu hərəkəti müzakirələrə səbəb olub. Ahıl yaşda birinin gənc xanıma qarşı bu cür davranışı birmənalı qarşılanmayıb.

Məhz YAP yetkililərinin belə addımları ictimaiyyət arasında geniş müzakirələrə yol açıb və bu hərəkətlər hakim partiyanı tənqid hədəfinə çevirib.

Seymur Əli