İctimai Televiziyanın operatoru Zaur Hüseynov koronavirus infeksiyası nəticəsində üç yaxınını –anasını, bacısını və bacısının həyat yoldaşını itirib. 

Unikal.org xəbər verir ki, Z. Hüseynovun sözlərinə görə, ailənin yoluxmasına səbəb bacısının COVID-19 xəstəsi ilə maskasız görüşməsidir: “Bacım blokda koronavirus xəstəsi ilə görüşüb. Həmin adam da maskasız olub, bacım da maska taxmayıb. Onunla da virusa yoluxub. Təcili tibbi yardım avtomobilində xəstəxanaya çata-çatda vəfat etdi... Bacımın həyat yoldaşı da astma xəstəsi idi, o da rəhmətə getdi. Biz bacımın ölməsini anamdan gizlədirdik, heç kim də ürək eləmirdi deməyə. Axır mən gedib anamı gətirdim və dedim ki, bacım artıq bizimlə yoxdur...”

Z. Hüseynovun sözlərinə görə, 14 gün keçəndən sonra anası da öskürməyə başlayıb. 

“Dedik birdən sən də koronavirusa yoluxarsan. Tez özəl klinikada analiz verdik, koronavirus çıxdı, başladıq müalicəyə. Bir gün axşam gördüm ki, nəsə yaxşı nəfəs almır. Həmin gün gedib KT elətdirdik, məlum oldu ki, ciyərlərinin 50-60 faizi tutulub. Mən də yoluxmuşdum, məndə tutulma 5-10 faiz idi. Anamın saturasiyasını ölçdük, gördük 45-dir. Qandurulducu iynə vurdum, halı bir az düzəldi. Süni tənəffüs aparatına qoşdular. Aparatda 8 gün qaldı, çıxmadı...”