Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qafarov Fazil Murad oğluna məxsus “Cənnət Gəncə” kafesində yoxlama keçirib.

AQTA-dan Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi, temperatur rejimi və mal qonşuluğu prinsipinin gözlənilmədiyi məlum olub.

Eyni zamanda müəssisədə üzərində etiket məlumatları qeyd olunmayan süd məhsulları və tərəvəz konservləri, hazırlanma tarixi qeyd edilməyən soyuq qəlyanaltılar, təkrar istifadəsinə icazə verilməyən müxtəlif qida məhsulları, baytarlıq-sanitariya ekspertizasından keçməyən heyvan və quş ətləri aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.