Azərbaycanlı professor, Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü Aygün Attar Qubadlı rayon İcra Hakimiyyətində olub.

Unikal.org xəbər verir ki, ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransla bağlı professor, Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü  Aygün Attar ölkəmizdə rəsmi səfərdədir.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olmuşdur. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir. 6 Fevral 2021-ci ildən Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının  üzvü təyin olunub.

16 aprel 2021-ci il tarixdə isə Azərbaycanlı professor, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xarici Siyasət və Təhlükəsizlik üzrə məsləhətçisi  Aygün Attar Qubadlı rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin başçısı Malik Isaqov ilə görüşdü. Görüşdə professor Aygün Attar, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətinin məsul işçiləri, Qubadlı rayon Təhsil şöbəsinin işçiləri iştirak edirdilər.

Bu gün Aygün xanımın doğum gününə təsadüf etdiyindən rayon rəhbəri Aygün xanımı doğum günü münasibətilə təbrik etdi və xoş arzularını bildirdi.

Sonra Aygün xanım Qubadlı rayon Tarix Diyarşünaslıq Muzeyi ilə tanış oldu. Daha sonra Aygün xanım öz təhsil aldığı Qubadlı rayonunun Şəhər-1 saylı tam orta məktəbini ziyarət etdi. Burada məktəb kollektivi, ona təhsil vermiş müəllimlər və birlikdə oxuduğu sinif yoldaşları ilə görüşdü. 

Aygün xanım  “28 May” Mədəniyyət evi və Qubadlı rayon Mərkəzi Xəstəxanasına da baş çəkdi. Sonra Aygün xanım görüşlə bağlı xoş təəssüratlarını ifadə etdi.